Bakı Ekspo Mərkəzində keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
“Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarına, kitabxanaların rəqəmsal transformasiyasına, rəqəmsal resursların uşaq və yeniyetmələrin mütaliəsinə təsirinə, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanlara həsr olunacaq.
Konfransın gedişində uşaq ədəbiyyatı, mütaliə mədəniyyəti, kitabxanaların fəaliyyəti, rəqəmsal resurslar və süni intellektin tətbiq imkanları ilə bağlı elmi və praktik yönümlü məruzələrin təqdim edilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar, mütəxəssislər, kitabxanaçılar, pedaqoqlar, ali təhsil müəssisələrinin əməkdaşları və tələbə-gənclər tezislərini müəyyən edilmiş tələblərə uyğun olaraq 16 oktyabr 2026-cı il tarixinədək təqdim edə bilərlər.
Qəbul edilmiş tezislərin konfrans materialları toplusunda dərc olunması nəzərdə tutulur.
Tezislər aşağıdakı istiqamətlər üzrə qəbul olunur:
• Uşaq ədəbiyyatı və süni intellekt: yeni imkanlar və perspektivlər;
• Uşaq kitabxanalarında süni intellekt əsaslı xidmətlərin təşkili;
• Rəqəmsal kitablar, audiokitablar və interaktiv uşaq ədəbiyyatı;
• Uşaq ədəbiyyatının təbliğində rəqəmsal platformaların rolu;
• Uşaq ədəbiyyatında ənənəvi və rəqəmsal yaradıcılığın sintezi;
• Kitabxanaların rəqəmsal transformasiyası və kitabxana xidmətinin yeni formaları;
• Beynəlxalq təcrübədə uşaq ədəbiyyatı, kitabxanalar və süni intellekt;
• Məhdudiyyətli uşaqların inklüziv təhsilində süni intellekt və uşaq ədəbiyyatının rolu;
• Uşaq kitabxanalarında süni intellekt əsaslı axtarış və informasiya xidmətləri;
• Uşaq kitabxanalarında virtual kitabxanaçı və intellektual chatbot xidmətləri.
Tezislər üçün tələblər:
Tezislər A4 formatında, səhifənin bütün kənarlarından 2 sm məsafə saxlanılmaqla, Times New Roman şriftində, 12 pt ölçüdə və 1,15 sətirarası interval ilə Microsoft Word formatında hazırlanmalıdır.
Konfransın işçi dili Azərbaycan dilidir. Təqdim olunan tezislər Azərbaycan ədəbi dilinin normalarına və elmi üslubun tələblərinə uyğun tərtib edilməlidir. Tezislərin həcmi 2–3 səhifə olmalı, xülasə 50–100 söz, açar sözlər isə 3–5 sözdən ibarət olmalıdır. Mətnin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı göstərilməldir.
Tezislər childlibconference@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Konfransın işçi dili Azərbaycan dilidir. Təqdim olunan tezislər Azərbaycan ədəbi dilinin normalarına və elmi üslubun tələblərinə uyğun tərtib edilməlidir. Tezislərin həcmi 2–3 səhifə olmalı və childlibconference@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
Tezisin əvvəlində mövzu (başlıq), onun altında isə müəllifin adı, soyadı, təhsil aldığı və ya işlədiyi müəssisənin adı, tutduğu vəzifə, əlaqə məlumatları (telefon və e-poçt ünvanı) qeyd edilməlidir.Tezislərin qəbulu üçün son tarix: 16.10.2026
Konfransda iştirak etmək istəyən şəxslərdən tezislərini göstərilən qaydalara uyğun olaraq təqdim etmələri xahiş olunur. Qəbul edilmiş məruzələr konfrans materialları toplusunda dərc ediləcəkdir.
Əlaqə və məlumat üçün : childlibconference@gmail.com
Tel.: (+994 12) 597-08-79, daxili nömrə: 23.