5 may 2026-cı il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filial əməkdaşları tərəfindən 5 may-Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Məhdudiyyətləri birlikdə aşaq” adlı maarifləndirici tədbir keçirilib, ənənəvi kitab sərgisi təşkil olunub. Kitabxana əməkdaşları tədbir iştirakçılarına əlamətdar günün yaranma tarixi haqqında məlumat verib.
Qeyd olunub ki, hər bir insan bərabər hüquqlarla doğulur.Cəmiyyətin inkişaf səviyyəsi onun fiziki məhdudiyyətindən asılı olmayaraq hər bir fərdə göstərdiyi qayğı və yaratdığı imkanlarla ölçülür. Xüsusi qayğıya ehtiyacı olan şəxslər cəmiyyətin ayrılmaz hissəsidir,onların hüquqlarına hörmətlə yanaşmaq hər bir vətəndaşın mənəvi borcudur.
Tədbir çərçivəsində mövzunu əhatə edən sosial videoçarx nümayiş etdirilib. Sərgidəki kitablarla tanışlıqdan sonra əməkdaşlar tərəfindən ibrətamiz hekayələr oxunulub.
Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların ailədə və cəmiyyətdə bərabər imkanlara, sevgi və qayğıya layiq fərd kimi böyüməklərinə vasitəçi olmaqdır. Onların sosiallaşmasına, ictimai həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələrinə dəstək olmaq hər kəsin borcudur.





