19 iyun 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasının 2 saylı filialında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Sağlam gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə kitabxananın oxucuları və əməkdaşları iştirak ediblər. Görüş çərçivəsində söhbət aparılıb, həmçinin mövzuya həsr olunmuş kitab sərgisi təşkil olunub.
Kitabxana əməkdaşları çıxışlarında Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün tarixi haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilib və hər il bütün dünyada qeyd olunur. Günün əsas məqsədi qlobal səviyyədə ekoloji problemlərə diqqət çəkmək, ətraf mühitin mühafizəsinə dair ictimai marağı artırmaq və təbiətin qorunması istiqamətində tədbirləri stimullaşdırmaqdır.
Tədbirdə bildirilib ki, təbiət bizim evimizdir, təmiz hava və saf su isə sağlam gələcəyin əsas şərtidir. Hər bir insanın ana təbiətə qayğı ilə yanaşması və onun mühafizəsinə töhfə verməsi vətəndaşlıq borcu kimi qiymətləndirilib.
Daha sonra uşaqlar sərgidə nümayiş olunan kitablarla tanış olub, “Ətraf mühit haqqında infoqrafika” adlı nəşrdən maraqlı məlumatlar təqdim edilib. Uşaqların sualları cavablandırılıb, ətraf mühitin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin keçirilməsində məqsəd uşaqlarda ekoloji mədəniyyətin və təbiətə məsuliyyətli münasibətin formalaşdırılması, onların sağlam və təhlükəsiz gələcək naminə təbiətin qorunmasında fəal iştirakına dəstək olmaqdır.











