13 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, böyük vətənpərvər və mütəfəkkir Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə “Türk dünyasının Bəxtiyarı” adlı şeir müsabiqəsinin ilkin seçim mərhələsi keçirilib.
Müsabiqədə Bakı şəhəri üzrə ümumi və məktəbdənkənar təhsil müəssisələrindən, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, Mehdiabad qəsəbəsi 2 və 4, Hövsan qəsəbəsi 172, 1, 3 və 8 nömrəli UGİM-in dərnək üzvləri, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, Hədəf STEAM liseyi, həmçinin 31, 49, 107, 112, 161, 177, 187, 191, 220, 246, 259, 281, 283 nömrəli məktəblərdən 60 şagird müsabiqədə fəal iştirak ediblər.
Münsiflər heyətində Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənc alimləri, filologiya üzrə fəlsəfə doktorları İlhamə Ağazadə, Fidan Nizaməddin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyyə Eldarqızı və uşaq yazıçısı Zahirə Cabir yer alıblar. Münsiflər iştirakçıların çıxışlarını diqqətlə dinləyərək şeir qiraətindəki ifadəlilik, mətnə yanaşma tərzi, səhnə mədəniyyəti və duyğuların çatdırılması kimi meyarlar üzrə qiymətləndirmələr aparıblar.
Müsabiqənin məqsədi gənc nəslin ədəbi-bədii dünyagörüşünü genişləndirməklə yanaşı, Bəxtiyar Vahabzadənin poeziyası vasitəsilə Azərbaycan ədəbi dilinin zənginliyini və ifadə imkanlarını təbliğ etmək, şagirdlərin şifahi nitq mədəniyyətini, düzgün tələffüz və intonasiya bacarıqlarını inkişaf etdirmək, ana dilinə və Türk dünyasının ortaq dil-mədəni irsinə marağı artırmaqdır.
Qeyd edək ki, müsabiqənin sonuncu (final) mərhələsi may ayının 21-i saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçiriləcəkdir.