5 dekabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında tanınmış uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib. Tədbirdə 7 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri iştirak ediblər. Görüşün təşkilində məqsəd məktəblilərin mütaliəyə marağının artırılması, uşaq ədəbiyyatına diqqətin gücləndirilməsi və yaradıcı düşüncənin inkişafına dəstək göstərilməsi olmuşdur.
Tədbir çərçivəsində məktəblilər ilk olaraq kitabxananın müxtəlif bölmələri və uşaqlar üçün nəzərdə tutulmuş xüsusi oxu məkanları ilə tanış olublar. Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə müəssisənin fəaliyyəti, fondun zənginliyi və uşaqlar üçün yaradılan imkanlar haqqında geniş məlumat verilmişdir.
Daha sonra şagirdlərin yazıçı Solmaz Amanova ilə görüşü baş tutub. Yazar tədbir müddətində müəllifi olduğu “Nağıllar”, “Şuşanın sehrli açarları” və “Ilma’s Adventures” adlı əsərləri haqqında ətraflı məlumat vermiş, kitabların ideyası, obrazları və uşaqlar üçün verdiyi mesajlardan danışmışdır. Solmaz Amanova, həmçinin, öz yaradıcılıq yolu, yazı prosesinin xüsusiyyətləri və uşaq ədəbiyyatının əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Şagirdlər görüş zamanı yazara müxtəlif suallar ünvanlamış, yazar isə bütün sualları ətraflı cavablandıraraq uşaqlarla səmimi və interaktiv müzakirələr aparmışdır. Tədbir müəlliflə oxucular arasında birbaşa ünsiyyətin qurulması, uşaq ədəbiyyatına marağın artırılması baxımından olduqca faydalı olmuşdur.
Görüşdən sonra uşaqlar üçün yaradıcı fəaliyyətə əsaslanan master-klas təşkil olunmuşdur. Təlim zamanı məktəblilər gildən hazırlanmış müxtəlif fiqurları rəngləmiş, öz əl işlərini formalaşdıraraq bədii düşüncələrini nümayiş etdirmişlər. Master-klas uşaqların həm incəsənət bacarıqlarının, həm də estetik zövqlərinin inkişafına xidmət etmişdir.
Tədbir şagirdlərin həm ədəbi biliklərinin, həm də yaradıcılıq bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.