30 yanvar 2025-ci il tarixində yazıçı, ədəbiyyatşünas Rafiq Yusifoğlunun 75 illik yubileyi münasibətilə Uğur Tədris Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı ilə birgə şeir müsabiqəsi və yubilyarın kitablarından ibarət sərgi təşkil edilib.
Öncə kitabxananın əməkdaşları tərəfindən şairin həyat və yaradıcılığı barədə şagirdlər məlumatlandırılıb, qeyd edilib ki, Rafiq Yusifoğlu Azərbaycan vətənpərvərlik poeziyasının əsas yaradıcılarından biridir, onun vətənpərvərlik mövzusunda yazdığı şeirlər bir-birini təkrar etməyən orijinal bədii nümunələrdir. Həmçinin Azərbaycan uşaq ədəbiyyatının inkişafında da Rafiq Yusifoğlunun xüsusi rolu var. Onun uşaqlar üçün yazdığı ən yaxşı şeirləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil edilib. Sonra kitabxananın əməkdaşları şagirdləri sərgidəki kitablarla tanış edib. Uşaqlar şairin vətən və təbiət mövzusunda rəngarəng şeirlərini səsləndiriblər.
Sonda müsabiqə iştirakçıları kursun müəllimləri tərəfindən mükafatlandırılıb. Müsabiqənin təşkil olunmasında məqsəd uşaq yazarlarını tanıtmaq, şagirdlərdə kitablara maraq yaratmaqdır.