11 dekabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında 164 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Kitabxananın əməkdaşı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizin dövlətçiliyinin möhkəmlənməsi, milli-mədəni irsin qorunması və gənc nəslin hərtərəfli inkişafı istiqamətində gördüyü misilsiz xidmətlər barədə geniş məlumat verib. O, Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan, həyat və fəaliyyətinin bütün mərhələlərindən söz açıb.
Daha sonra məktəblilər Ümummilli Liderin zəngin həyat yolu, siyasi fəaliyyəti və milli ideologiyanın formalaşmasındakı xidmətləri barədə çıxışlar etmiş, eləcə də onun obrazını və vətənpərvərlik ideyalarını tərənnüm edən şeirlər səsləndiriblər. Tədbirdə Səməd Vurğunun “Azərbaycan”, Fikrət Qocanın “Vətən oğlu”, Rüstəm Yusifoğlunun “Ulu Öndər” və Qabil Ədalətin “Ulu bir sərkərdə, ulu bir öndər”, Elşad Benatın “Ümumilli lider Heydər Əliyevin 90 ilinə”, Zəminə Bayramovanın “Ulu Öndər – Heydər atamız” şeirləri ifa olunub.
Anım tədbiri çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib, həmçinin Zahirə Cabirin “Heydər zirvəsi” hekayəsi əsasında hazırlanmış videoçarx izlənilib. Şagirdlər videoçarx vasitəsilə böyük liderin həyatının mühüm məqamları ilə tanış olmuş, onun örnək şəxsiyyət kimi gənclər üçün nə qədər dəyərli olduğu bir daha vurğulanıb.
Sonda uşaqlara Respublika Uşaq Kitabxanası tərəfindən təsis edilən “Göy Qurşağı” jurnalı təqdim olunub.
Tədbir məktəblilərdə vətənpərvərlik duyğularının gücləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.











