6 mart 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasının əməkdaşı Beynəlxalq Ucadan Oxu Günü münasibətilə 47 saylı orta məktəbdə maraqlı və maarifləndirici tədbir keçirib. Şagirdlərə Beynəlxalq Ucadan Oxu Gününün yaranma tarixi və əhəmiyyəti haqqında geniş məlumat verilib. O, ucadan oxunun uşaqların nitq qabiliyyətinin inkişafına, söz ehtiyatının artmasına və mətnləri daha yaxşı mənimsəməsinə kömək etdiyini vurğulayıb. Şagirdlərə ucadan oxunun həm intellektual, həm də sosial faydaları barədə ətraflı izah verilib. Daha sonra məktəblilərə müxtəlif maraqlı kitablar təqdim edilib və onlar bu kitablarla tanış olublar. Oxunan əsərlər arasında Y. Bednarekin "Evdən Qaçan 10 Corab Tayının Qeyri-adi Sərgüzəştləri", G. Mehdiyevanın "Yer Kürəsi – Evimiz", G. Əliyevanın "Əziz Diş Həkimində" və digər müəlliflərin əsərləri yer alıb. Kitabların qısa icmalı təqdim edildikdən sonra kitabxana əməkdaşı və şagirdlər seçilmiş mətnlərdən hissələri ucadan oxuyublar.
Şagirdlər tədbirdə böyük maraqla iştirak ediblər, oxunan mətnlər üzərində müzakirələr və fikir bölgüsü aparılıb. Ucadan oxu sessiyasından sonra kitablarla bağlı sual-cavab təşkil olunub, uşaqların maraqlı sualları cavablandırılıb.