7 noyabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) şagirdləri ilə birgə tədbir təşkil olunub.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlanıb. Sonra, bir dəqiqəlik sükutla Vətən uğrunda canını fəda etmiş şəhidlərimiz yad edilib. Tədbirin aparıcısı iştirakçılara Azərbaycan Bayrağının simvolizminin mahiyyəti, hər bir rəngin ölkəmizin keçdiyi tarix və inkişaf yolundakı əhəmiyyəti haqqında ətraflı məlumatr verib.
Daha sonra, tədbirdə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin "Bayraq" şeiri səsləndirilib. Tədbir çərçivəsində Şəmistan Əlizamanlının ifasında "Azərbaycan" şeiri video formatında təqdim olunub. Bu xüsusi an, uşaqlara və tədbir iştirakçılarına Azərbaycanın milli ruhunu daha da dərindən hiss etməyə imkan yaradıb.
Tədbirin sonunda şagirdlər üçün yaradıcı məşğələ keçirilib. Uşaqlar xarıbülbül çiçəklərinin rəsm əsərlərini rəngləyərək, öz yaradıcılıqlarını nümayiş etdiriblər. Bu fəaliyyət uşaqların bacarıqlarını inkişaf etdirmək və Vətənə olan sevgilərini daha da gücləndirmək məqsədini daşıyıb.
Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə milli bayramların, tariximizin və ənənələrimizin önəmini dərk edən, vətənpərvər və mədəniyyətə dəyər verən gənc nəsil yetişməsinə dəstək verməkdir.