Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-in şəhər, qəsəbə və kənd kitabxanalarının filialları üçün “Ailə” adlı tövsiyə biblioqrafiyasını hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
Uşaqların həyatında ilk sosial mühit ailədir. Ailə, həmçinin fərdlərin şəxsi inkişafını dəstəkləyən, sosial dəyərlərin və mədəniyyətin nəsillərarası ötürülməsini təmin edən mühüm bir institutdur. Ailə özündə bir çox funksiyanı ehtiva edir. Ən başlıcası, fiziki və emosional ehtiyacların qarşılanmasıdır. Həmçinin ailə üzvləri arasında sevgi, qayğı və dəstək əlaqələrinin qurulması, uşaqların sosial və psixoloji inkişafı üçün əsaslı bir mühit yaradır. Ailə həm də cəmiyyətdəki dəyərlərin təbliği, etik davranışların formalaşdırılması, sosial norma və qaydaların öyrədilməsi baxımından əhəmiyyətlidir. Sosial baxımdan isə ailə hər bir fərdin cəmiyyətə inteqrasiyasını asanlaşdırır və ona düzgün davranış modelini təqdim edir. Ailənin sağlam strukturu və üzvləri arasındakı münasibətlər cəmiyyətdəki ümumi sülh və sabitliyə mühüm təsir göstərir. Nəticə olaraq ailə yalnız şəxsi həyatın bir hissəsi olmaqla qalmır, həm də cəmiyyətin inkişafında və sosial əlaqələrin qurulmasında mühüm rol oynayır. Ailənin güclü və sağlam olması cəmiyyətin ümumi rifahına müsbət təsir edir.
Tövsiyə biblioqrafiyasında 8 başlıq altında ailə və ailə mədəniyyəti haqqında məlumatlara yer verilib. Biblioqrafiyanın hazırlanmasında əsas məqsəd oxucuları ailə münasibətləri barədə maarifləndirməkdir.
“Ailə” adlı tövsiyə biblioqrafiyasının tərkibinə daxil olan mövzu başlıqları:
1. Azərbaycan Respublikası Konstutisiyasının 17-ci (Ailə, uşaqlar və dövlət), 34-cü (Nikah hüququ) Maddələri;
2. "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" ("Save the Children") Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təhvili haqqında Saziş"i imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;
3. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, fransız yazıçı Mişel de Montenin və digər görkəmli şəxsiyyətlərin ailə ilə bağlı dəyərli fikirləri;
4. Uşaq və Ailələrə Dəstək Mərkəzləri haqqında ətraflı məlumat;
5. Ailədə psixoloji mühit. Xoşbəxtlik haqqında düşüncə;
6. Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu;
7. Uşaq təhsilində ailənin rolu;
8. Ailə haqqında uşaq şeirləri.
Tövsiyə biblioqrafiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərəsiniz.