20 fevral 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Məktəblilər kitabxananın kitab fondu və uşaqlar üçün yaradılan imkanlardan səmərəli istifadə ediblər. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri olan Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı haqqında məlumat əldə ediblər. Sonra uşaqlar üçün xüsusi təşkil olunmuş nağıl otağında yeni nağıl kitablarından maraqlı hekayələr oxunub. Balacaların diqqətini cəlb etmək və onların interaktiv iştirakını təmin etmək məqsədilə barmaq oyunlarından ibarət səhnəciklər təqdim edilib. Şagirdlər bu səhnəciklərdə həvəslə iştirak edərək həm əylənib, həm də öyrəniblər. Kitabxana əməkdaşları kitabın məzmunu və onun uşaqlar üçün əhəmiyyətindən danışıb, həmçinin məktəblilərə kitabxananın qaydaları izah edilib və onlar üçün xüsusi hazırlanmış yeni nəşrlər təqdim olunub.
Ekskursiya uşaqların mütaliəyə marağını artırmaq, onları kitab dünyasına daha yaxından tanıtmaq və kitabxana mədəniyyətini aşılamaq baxımından faydalı olub.