5 noyabr tarixində “8 Noyabr-Zəfər Günü” ərəfəsində Respublika Uşaq Kitabxanasında Bakı şəhəri üzrə ümumtəhsil məktəb şagirdlərinin və 1 nömrəli UGİM-in dərnək üzvlərinin iştirakı ilə uşaq yazarı Əziz Sultanla görüş keçirilib. Tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü il açan kitabxananın direktoru uşaq yazarı Əziz Sultanın 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Zəfər yolunda 44 gün” adlı kitabı haqqında məlumat verib. Kitabda 44 günlük Vətən müharibəsi boyunca xalqımızın igid oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri fədakarlıq, şücaət və qəhrəmanlıq nümunələri oxuculara təqdim edilir.
Kitabın müəllifi, yazıçı Əziz Sultan çıxış edərək, kitabda 44 hekayənin yer aldığını söyləyib. Həmçinin qeyd edib ki, kitabda Vətən müharibəsi zamanı Ali Baş Komandanın yürütdüyü müdrik siyasət, xalqımızın nümayiş etdirdiyi həmrəylik və Azərbaycan ordusunun sücaəti yaşanmış real faktlar əsasında hekayə olaraq yeniyetmə və gənclər üçün qələmə alınıb.
Görüşdə məktəblilərlə yazar arasında maraqlı sual-cavab sessiyası keçirilib. Məktəblilər yazara müəllifi olduğu kitablarla bağlı suallar ünvanlayıb, Vətənə, şəhidlərə və bayraqla bağlı öz fikirlərini dilə gətirib.
Tədbir Şanlı Zəfər tarixinin yeniyetmə və məktəblilər arasında təbliği, mütaliə vərdişlərinin artırılması məqsədilə təşkil olunub.