6 noyabr 2024-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 nömrəli UGİM-in məktəbə hazırlıq qrupunun üzvlərinin iştirakı ilə “9 Noyabr - Bayraq Günü”nə həsr olunan “Yüksəklərdə dalğalanan bayrağımız” adlı masterclass keçirilib.
Kitabxana əməkdaşı uşaqlara Azərbaycan Dövlət Bayrağının yaranma tarixi haqqında məlumat verib və qeyd ki, biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Uşaqlara məlumat verilib ki, bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı, həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir.
Uşaqlar üçün Milli istiqlal şairi Əhməd Cavadın “Azərbaycan bayrağına” və Rafiq Yusifoğlunun “Bayraq meydanında” şeirləri səsləndirilib. Sonra uşaqlarla birlikdə masteclass keçirilib. Masterclass zamanı uşaqlar böyük həvəslə rəngli kağızlardan Azərbaycan Respublikasının Dövlət Bayrağını hazırlayıblar.