Böyük vətəndaş, yorulmaz araşdırıcı və ərdəmli insan Salman Mümtaz gördüyü işlərlə torpağını və millətini şərəfləndirən şəxsiyyətlərdəndir.
Salman Mümtaz uşaqlıq illərindən elmə böyük maraq göstərib. O, Aşqabadda təhsil almış, fars və ərəb dillərini də orada öyrənmişdir. İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlayıb və 1927-1928-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirib.
Salman Mümtazın tariximizə dair dəyərli yazıları vardır. Əlyazmalar İnstitunda onun tapıb ortaya çıxardığı çoxlu qədim fərmanlar, dəyərli tarixi sənədlər saxlanılır. Həmçinin, onun araşdırmalarında yalnız Azərbaycan ədəbiyyatı yox, şərq klassikləri haqqında da geniş yazıları mövcudur. Salman Mümtaz ədəbi irsimizi yalnız toplamaq və araşdırmaqla kifayətlənməyib, həm də onu geniş təbliğ edib. 23 il ərzində o, 20 adda kitab nəşr edib.
1937–1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı kimi Salman Mümtaz da repressiya qurbanı olub. 1941-ci ildə o, siyasi dustaq kimi güllələnib.
Azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf Salman Mümtazın 140 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası onun haqqında kitabxana fondunda mövcud olan kitabların, dövrü mətbuat materiallarının biblioqrafik siyahısını tərtib edərək oxucuların istifadəsinə təqdim edir.
Biblioqrafik göstərici ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.