2-8 oktyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Bakı Beynəlxalq Kitab Sərgisi açılıb. Bu ilki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən stenddə balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb. Respublika Uşaq Kitabxanasının təşkil etdiyi proqram çərçivəsində tanınmış uşaq yazarları ilə görüşlər, uşaqlar üçün "Oxu saatı", həmçinin, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan masterklasslar diqqətə çatdırılıb.
Sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış edilməsi, kitaba və mütaliəyə həvəslərinin artırılmasıdır.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının stendi sərgidə iştirak edən qonaqlar tərəfindən ziyarət olunub, maraqla qarşılanıb.