23 fevral tarixində Respublika Uşaq Kitabxanasında V.Mirzəyev adına 281 saylı məktəbin 1-ci sinif şagirdlərinin “Nağılları Ana dilimizdə sevdik” adlı tədbiri baş tutub. Tədbirdə kitabxana əməkdaşları, müəllim və şagirdlər iştirak edib. Tədbirdə məktəblilər Ana dili ilə bağlı şeirlər və hikmətli sözlər söyləyiblər.
Uşaqların təqdimatında milli uşaq dramaturgiyasının əsasını qoyan Abdulla Şaiqin eyni adlı nağılı əsasında “Tıq-Tıq xanım” nağılı səhnələşdirilib. Maraqlı süjet xətti üzərində qurulan səhnəcikdə, bir birindən maraqlı milli musiqilərlə hazırlanmış xüsusi rəqs kompazisiyaları, şən mahnılar təqdim olunub.
Tamaşa dostluqdan, xeyirxahlıqdan bəhs etməklə yanaşı, həm də düzlüyü tərənnüm edib. Ona görə də bir sıra sınaqlara məruz qalan Tıq-tıq xanımla Siçan arasında dostluq qələbə çalır, onlar barışırlar. Tədbirin sonunda kitabxana əməkdaşı tədbir iştirakçılarına öz minnətdarlığını bildirib və qeyd edib ki, kitabxana daima uşaqların maariflənməsinə, kitaba və mütaliəyə marağın artırılmasına çalışır. Məhz bugünkü nağıl tamaşanın da təşkil olunmasında əsas məqsədlərdən birincisi Azərbaycan nağıl qəhrəmanları ilə azyaşlı uşaqları tanış etməkdir. Bu tədbirlərin gələcəyimiz olan uşaqların hərtərəfli inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Respublika Uşaq Kitabxanası tərəfindən kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı məktəbə hədiyyə edilib və sonda xatirə şəkilləri çəkilib.