17 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası, “Liatris Holding”, Azərbaycan Kitab Maarif və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, “Səssiz Ünsiyyət” İctimai Birliyin və 229 №li tam orta məktəbin birgə tərəfdaşlığı ilə 17 fevral - Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunmuş “Yer üzünün günəşidir – Xeyirxahlıq” adlı tədbir keçirilib.
Mərkəzin foyesində Sağlamlıq İmkanları Məhdud Uşaqların əl işlərindən ibarət rəsm və əl işləri sərgisi təşkil olunub. Tədbir Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Millət vəkilləri Jalə Əhmədova, Bəhruz Məhərrəmov, Ceyhun Məmmədov, Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov,Gəncliyə Yardım Fondunun əməkdaşları, uşaq yazarları, Bakı şəhəri üzrə UGİM, Xüsusi İnternat, Ümumtəhsil məktəblərinin şagirdləri və pedaqoji heyət qonaq qismində iştirak ediblər.
“Yer üzünün Günəşidir – Xeyirxahlıq!” adlı tədbirdə C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin müşayəti ilə 2,3,5 nömrəli Sağlamlıq İmkanları Məhdud Xüsusi internat məktəbinin uşaqlarının ifasında musiqi nömrələri təqdim edilib. Həmçinin, tədbirdə “Renessans” uşaq xorunun müşayəti ilə eşitmə və nitq məhdudiyyətli şagirdlər birgə jest dilində Azərbaycan Respublikasının Dövlət Himnini və bəstəkar mahnılarını təqdim ediblər. Atilla Məmmədlinin ifasında “Sən ey Uşaqlıq”, “Xalq Heydər söyləyəcək”, Murad Sadıxlının ifasında “Qalib Sərkərdə”, “Həsrətindəyəm” mahnıları ifa edilib. Tədbir 229 №-li tam orta məktəbin aşağı sinif şagirdlərinin “Heydər babanın nəvələriyik” adlı musiqi xoru ilə sonlanıb.
Çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Gününün əhəmiyyətindən, uşaqların xeyirxahlıq ideyalarını mənimsəməsinin önəmindən danışıb.
Çıxış edən millət vəkilləri Ceyhun Məmmədov və Jalə Əhmədova, "Liatris Holding"in rəhbəri Ruhiyyə Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şair Baba Vəziroğlu humanizm, xeyirxahlıq ənənələrinin yaşadılması, Azərbaycanın zəngin mədəni dəyərlərinin gələcək nəsillərə ötürülməsində məktəb və müəllimin rolundan danışıblar.
Tədbirin sonunda təşkilatçılar tərəfindən iştirak edən uşaqlara kitab hədiyyə edilib.