14 noyabr tarixində kitab və mütaliənin təbliği məqsədilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Zahirə Cabirin “Təbiətdən məktub” kitabının təqdimatı keçirilib. Təqdimatda Təhsil Nəşriyyat Poliqrafiya Evinin direktoru Tural Axundov, uşaqların sevimli yazarı, kitabın redaktoru Sevinc Nuruqızı, rəssam, psixoloq Asəf Kərimli, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və müəllif Zahirə Cabir iştirak edib. Tədbir Mikki House uşaq bağçasının təbiətin qorunmasına səslənən bədii kompozisiyası ilə başlanıb. Kompozisiyada Turaci rəqsi nümayiş olunub və Ana Təbiətin Sülh Göyərçini ilə uşaqlara göndərdiyi məktub oxunub. Çıxış edənlər qeyd ediblər ki, vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir. Ona görə də Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur.
Kitabın redaktoru Sevinc Nuruqızı kitab haqqında daha ətraflı danışıb. Saqqızın, sellofan torbaların təbiətə vurduğu ziyandan, təbiətin müdafiəçilərinin təşəbbüskarlığından bəhs edən hekayələrdən söhbət açıb. Qeyd edib ki, kitabın əsas özəlliyi ondan ibarətdir ki, 13 hekayəyə çəkilən rəsmlər Palitra Art Studiyasının uşaqlarına məxsusdur. Palitra Art Studiyasının rəhbəri rəssam, psixoloq Asəf Kərimli öz çıxışında kitabın əhəmiyyətindən, bu gün bütün dünyanı narahat edən mövzu olmasını vurğulayıb və uşaqların hekayələrə necə böyük sevgi ilə rəsm çəkmələrindən danışıb. Hər bir vətən övladı doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı "Qırmızı kitab"a düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalıdır.
Təqdimatın sonunda müəllif kitabın ərsəyə gəlməsində bütün iştirakçılara öz təşəkkürünü bildirib və ulu öndərin “Təbiəti qorumaq – Vətəni qorumaq deməkdir” müdrik kəlamı ilə bitirib.
Tədbir Lalə Məmmədovanın ifasında səslənən “Təbiəti qoruyaq” mahnısı ilə yekunlaşıb.