18 iyul tarixində Respublika Uşaq Kitabxanasında 1 nömrəli Körpələr Evinin balacaları ilə, yazıçı Fatimə Alxazlının görüşü keçirilib.
Fatimə Alxaz Yusifova Azərbaycanda autizm sindromlu bir oğlanın real hadisələri əsasında yazılmış “Adını bilməyən oğlan” adlı ilk uşaq hekayə kitabının müəllifidir. Məktəbəqədər uşaqlar üçün “Əyləncəli məntiq”, “Əyləncəli əlifba”, “Əyləncəli riyaziyyat”, “Məntiq və riyaziyyat”, ibtidai siniflər üçün “Azərbaycan dili qaydaları”, “Riyaziyyat qaydaları”, “Azərbaycan dili çalışma kitabım”, “Atalar sözü hekayələrlə”, “Avtomobildə 30 oyun” və s. kitabların müəllifi, onlarla kitabın tərcüməçisi və redaktoru olmuşdur.
Əvvəlcə kitabxana əməkdaşı balacaları kiçik oxu zalında səsli, pazıllı, oyuncaqlı və digər maraqlı kitablarla tanış edib. Daha sonra yazıçı Nağıl otağında balaca oxucular üçün maraqlı, faydalı, ibrətamiz məzmunlu nağıllar səsləndirib.
Görüşün keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatı vasitəsilə uşaqları körpə yaşlarından kitabxanaya cəlb etməklə onlarda idrak və yaradıcı fəaliyyəti aktiv inkişaf etdirmək, kitaba olan maraqlarını artırmaqdır.
Sonda, kiçik yaşlı oxuculara kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları hədiyyə edilib və xatirə şəkilləri çəkilib.