11 may tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında fantastik hekayələr müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı, pedaqoq Reyhan Yusifqızı ilə 1 saylı məktəb şagirdlərinin görüşü keçirilib.
Görüş zamanı elmi fantastik janrda olan trilogiya müəllifi Reyhan Yusifqızı məktəblilərə “Dostum Mimi ”, “Yaşıl gözlü qız” , “Diribaş qızlar klubu” , “Aysu” , “Pəncərəni kim sındırdı” , “Kompüterin qəribə tarixi” , “Məstan və Babu” , “Zamanın əsirləri” və digər kitablarından bəhs edib.
Reyhan Yusifqızı uşaq və yeniyetmələr üçün yazdığı kitablarla məşhurdur. Yazıçının hər yeni kitabı böyük maraqla qarşılanır və yayılır. Yeni nəşr olunmuş kitabı olan “Qapı arxasında o” Ümid adlı məktəbli oğlanın həyatında baş verən gözlənilməz hadisədən bəhs edir. Müəllifin fikrincə, əsər daha çox yeniyetmə oğlanların diqqətini çəkəcək. Bu kitabla müəllif oxucuların nisbətini oğlanların xeyrinə dəyişmək niyyətindədir. Kitablarında daha çox elmi fantastik janra üstünlük verən yazıçı yaratdığı obrazlar haqqında şagirdlərə ətraflı danışıb. Sonra yazar yeganə şeir kitabı olan “Tələtin sirri” kitabından şeir parçaları səsləndirərək, obrazlar arasındakı fərqləri oxucularla birlikdə müzakirə edib. Yazar həmçinin, balaca oxucuların marağına səbəb olan sualları ətraflı cavablandırıb. Sonda xatirə şəkilləri çəkilib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqların gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqların mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, yeniliklərə qarşı onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdən ibarətdir.