23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Bu münasibətlə UNESCO və kitab sənayesinin üç əsas sektorunu– naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar hər il şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “İntellekt” (rus dili) dərnəyinin üzvləri Respublika Uşaq Kitabxanasına ekskursiya edib. Uşaqlar kitabxana ilə yaxından tanış olduqdan sonra Oxu zalı və Nağıl otağında təşkil olunmuş ənənəvi kitab sərgisi ilə yaxından tanış olub, nağıllar dinləyib, cizgi filminə tamaşa ediblər.
Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqlarda kitaba maraq yaratmaq, oxumağa cəlb etmək, mütaliə etməyə həvəsləndirməkdən ibarətdir.