23 aprel tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Y.Kovolyov adına 229 saylı məktəbin və Gəncə şəhər 17 saylı tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan dövlət siyasəti" adlı ZOOM platforması üzərindən onlayn tədbir keçirilib.
Tədbir iştirakçıları çıxışlarında əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində misilsiz xidmətlərini qeyd edib. Həmçinin, qeyd olundu ki, hər sahədə olduğu kimi Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına və milli-mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və kitabxanaya da həmişə böyük dəyər verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu Öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləyib. XX əsrin 90-cı illərində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanuna müvafiq normativ-hüquqi aktların qəbul edilməsi məhz Heydər Əliyevin adı ilə bağlı olub və bilavasitə onun rəhbərliyi altında həyata keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxışında qeyd etdi ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edib.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr verib Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın qəlbində əbədiyaşarlıq qazanıb. Milyonların ürəyindən gələn bu sözlər ona ümumxalq məhəbbətinin ifadəsi oldu: “Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır”.
Onlayn görüşün sonunda Bakı və Gəncə məktəblilərinin təqdimatında Ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilib.