13 aprel tarixində Respublika Uşaq Kitabxanasında 56, 144 saylı orta məktəblə birgə “Tarixi Şəxsiyyət” adlı tədbir keçirilib.
Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək, ulu öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib. Daha sonra şagirdlər Ümummilli Lider Heydər Əliyev haqqında şeirlər söyləyib, onun həyatı haqqında məlumat veriblər.
Sonda şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.