14 noyabr tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Təhsil” Nəşriyyat evinin birgə təşkilatçılığı ilə sərginin “Zəfər” təqdimat zonasında Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyinə həsr olunmuş “Balalara hədiyyə” kitabı yeni tərtibatda oxuculara təqdim edilib.
Təqdimat 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim”uşaq teatrının üzvlərinin təqdimatında “Tık-tık xanım”və “Qaravəllilər” kompozisiyası ilə başlanıb.
Daha sonra təqdimatın modiratoru Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədədbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova çıxışında qeyd etdi ki, Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı xalqın öz ana dili, soy kökü, baba yazısı ilə qurduğu mənəvi-ruhsal rabitə kimi dəyərlidir. Firidun bəy Köçərli haqqında ən gözəl təyinlərdən birini görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayev vermişdir: “Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür”, - deyə onun ədəbiyyat tarixçiliyi istiqamətində gördüyü misilsiz xidmətin aliliyinə işarə etmişdir. Eyni qənaəti onun “Balalara hədiyyə” kitabı haqqında da səsləndirmək mümkündür. “Balalara hədiyyə” kitabı sonrakı neçə nəslin dünyagörüşünün formalaşmasında, onlarda mənəvi-əxlaqi keyfiyyətlərin dolğunlaşmasında, ən əsası, yaddaşlı bir nəslin günümüzədək zədəsiz gəlib çıxmasında xüsusi rolu olan mətnlər toplusudur.
Tədbirin digər qonağı, rəyçi Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxışında qeyd etdi ki, Milli ədəbiyyat tarixinin tədqiqində və təbliğində, Azərbaycan təhsilinin inkişafında, mədəniyyət və mətbuatının formalaşmasında əvəzsiz xidmətləri olan Firidun bəy Köçərlinin zəngin ədəbi irsi, çoxcəhətli fəaliyyəti həmişə diqqət mərkəzində olmuşdur. Tərəqqipərvər şəxsiyyətin istər elmi, istər pedaqoji, istər ictimai fəaliyyəti qədrşünas insanlar tərəfindən həmişə yüksək dəyərləndirilmişdir. Ancaq bu il 160 illiyini qeyd etdiyimiz maarif xadiminin irsi hər zaman aktuallıq kəsb etdiyi üçün yenidən araşdılmasına, nəşr olunmasına, gənc nəslə təqdim olunmasına ehtiyac var. Bu gün bu dəyərli kitabın yenidən nəşr olunub sevimli balaların ixtiyarına verilməsi onlara hədiyyə olmaqla yanaşı həyatını uşaqların işıqlı sabahına həsr edən Firidun bəyin xatirəsinə də ehtiramdır.
“Balalara hədiyyə” kitabının redaktoru uşaq yazarı, publisist Sevinc Nuruqızı və naşir Tural Axundov da kitabın yeni və fəqli formatda nəşr olunması və bu işdə uşaqların iştirakını xüsusi qeyd edərək bildirdilər ki, kitabın yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi, bir vətəndaş kimi formalaşmasında xüsusi əhəmiyyəti vardır.
Sonda kitabın ideya müəllifi və tərtibçisi Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova çıxışında qeyd etdi ki,
Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərli geniş xalq kütləsinin savadlanması yolunda çox iş görmüşdür. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da belə ali məqsəd daşıyırdı.“Balalara hədiyyə” kitabında müəllif Azərbaycan folkloruna aid topladığı materialları oxuculara çatdırmışdır.
İlk dəfə 1912-ci ilin may ayında İsabəy Aşurbəylinin “Kaspi” mətbəəsində çap olunmuş 102 səhifəlik “Balalara hədiyyə” kitabı iki hissədən ibarət olub, 75 kiçik həcmli didaktiki əsərləri özündə cəmləşdirib. Müəllif yaş səviyyəsinə müvafiq olaraq birinci hissəyə 49, ikinci hissəyə 26 didaktik mənzum parça, nağıl, hekayə, tapmaca, sayaçı sözlər və başqa təlim-tərbiyə üçün zəruri olan mətnlər salınmışdır. Yeni nəşrə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvlərinin mövzuya uyğun çəkilmiş 61 adda rəsm və illüstrasiyaları salınıb. Həmçinin, kitab Firidun bəy Köçərlinin 160 illik yubileyi münasibəti ilə, yeni formatda nəfis tərtibatla “Gənclik” nəşriyyatının 1967 və 1987 - ci il nəşrləri əsasında hazırlanıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.