27 aprel tarixində Respublika Uşaq Kitabxanasında, Nəsimi rayon 5 saylı tam orta məktəb şagirdləri ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini şagirdlərə Heydər Əliyevin tarixi xidmətlərindən, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında ətraflı məlumat verib.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir.
Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.
Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib.
Sonda şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.