12 iyun tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində birgə əməkdaşlıq çərçivəsində “12 iyun – Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Günü”nə həsr olunmuş hüquqi maarifləndirmə tədbiri keçirilib.
Bakı şəhərinin Binəqədi və Yasamal rayon məktəblərinin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən tədbirdə Respublika Uşaq Kitabxanasının Elmi işlər üzrə direktor müavini çıxışında bildirdi ki, insan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas amillərindən biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Ulu öndər Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib və 1998-ci ildə onun təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası ləğv edilmişdir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı təqdimatla çıxış edərək Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi barədə iştirakçıları məlumatlandırıb. O, dünyanı narahat edən aktual problemlərdən biri kimi uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismarının qarşısının alınması istiqamətində qəbul edilmiş beynəlxalq sənədlər və milli qanunvericilik aktları barədə məlumat verib.
Tədbirdə uşaq hüquqlarının müdafiəsi və təbliğinin, eləcə də uşaq əməyinə qarşı mübarizənin Müvəkkilin genişmiqyaslı fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu çərçivədə paytaxtda və regionlarda keçirilən tədbirlər, eləcə də uşaqların vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə iştirak edən 143 və 60 saylı tam orta məktəblərin müəllimləri mövzu ilə bağlı çıxış ediblər.
Tədbir uşaqların fəal iştirakı ilə müzakirələr şəklində keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.