Mart ayı ərzində maarifçi, pedaqoq, ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə 2, 18,55 nömrəli məktəblərin və İdrak liseyinin şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
İlk olaraq kitabxana əməkdaşı şagirdləri kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi, oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib. Daha sonra şagirdlər nağıl otağında Azərbaycan nağıllarını dinləyərək, nağıl personajlarını müzakirə edib, həmçinin oyuncaqlı, səsli kitablarla tanış olublar.
F.Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük və əvəzolunmaz xidmətləri vardır. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd uşaqlarımızın gələcək həyatına yeni dəyərlər gətirmək, tez-tez dəyişən, inkişaf edən rəngarəng dünyamızda uşaqlarımızın mütaliə aləmini zənginləşdirmək, dünyagörüşünü artırmaq, hər cürə yeniliklərə qarşı onların daha savadlı, daha zəkalı böyüməsinə təkan verməkdən ibarətdir.