24-26 may tarixlərində Buxara şəhərində Özbəkistan Respublikası Prezidenti Administrasiyası Yanında İnformasiya və Kütləvi Komunikasiya Agentliyi və Özbəkistan Respublikasının Milli Kitabxanası və Dövlətlərarası Humanitar Birlik Fondunun dəstəyi ilə təşkil olunmuş “Kitab və mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi” II Forumu keçirildi. Forum çərçivəsində CENTRAL ASIA-2023: elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları” mövzusunda XVI Beynəlxalq Konfrans keçirildi. Konfransın Plenar iclasında Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Botir Zaripov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və digərləri çıxış etmişlər.
Həmçinin, II Forumda beynəlxalq ekspertlərin, Milli və Uşaq kitabxanalarının direktorlarının, informasiya-kitabxana, nəşriyyat-poliqrafiya və kitab satışı sahələrinin aparıcı mütəxəssislərinin, kitab və mütaliənin təbliği ilə məşğul olan təhsil və maarifləndirmə sahəsində ekspertlərin iştirakı təmin edilmişdir.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Şəhla Qəmbərova forumun “Kitabların populyarlaşdırılması və uşaq kitabxanalarında mütaliənin təbliği” bölümündə “İnformasiya dünyasına elektron pəncərə: Güclü uşaq kitabxanaları - Güclü cəmiyyətdir” adlı məruzəsində qeyd etdi ki, Uşaq kitabxanalarının fəaliyyətində sosial tərəfdaşlıq mühüm rol oynayır. İnnovasiya imkanlarını genişləndirir və daha çox yeniyetmə və gənclərin kitabxanalara cəlb olunmasına köməklik edir. Direktor, həmçinin çıxışında qeyd etdi ki, Uşaq kitabxanalarının peşəkar inkişaf səviyyəsi, informasiya resusları, maddi texniki bazası sosial tərəfdaşlığın üzvü kimi onun qarşısında duran vəzifə və məqsədlərə uyğun olmalıdır. Qarşılıqlı fəaliyyət göstərən subyektlərin daxili potensialının güclü tərəfləri bir birini tamamlamalı və qarşılıqlı inkişafa tövhə verməlidir. Respublika Uşaq Kitabxanası uşaqlara informasiya kitabxana xidmətində onların mənəvi və intelektual inkişafı, şəxsi mütaliə, sosial uyğunlaşma asüdə vaxtlarının səmərəli keçirilməsi ehtiyaclarını ödəyir.
Konfrans öz işini “Kitabxana menecmenti üçün kadrların hazırlanmasının aktual məsələləri” (I bölmə), “Mütaliə mədəniyyətinin inkişaf perspektivləri” (II bölmə), “Kitabların populyarlaşdırılması və uşaq kitabxanalarında mütaliənin təbliği” (III bölmə), “Arxivlərin fəaliyyətinin səmərəli təşkilində müasir texnologiyaların rolu” (IV bölmə) mövzularında çıxışlarla, 26 mayda isə Özbəkistan Milli Kitabxanasının kitabxana-informasiya mərkəzləri sistemi üçün nəzərdə tutulmuş xüsusi proqramla davam etmişdir.