4 may tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İB-nin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin “Oxu saatı” layihəsində tanınmış teleaparıcı Ceyhun Əli ilə 3 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdlərinin görüşü baş tutdu.
“Oxu saatı” nın qonağı eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün ingilis yazıçısı və rəssam Çarli Makizinin “Oğlan, köstəbək, tülkü və at” adlı kitabını oxuyub. Jest dili üzrə təlimçisi və tərcüməçi Şamil Sabirzadə nağılı sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə tərcümə edib.Tədbirdə həmçinin digər oxucular və iştirakçı uşaqlar da “Oxu saatının” qonağı olublar. Oxunan nağıl dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.