10 may tarixində Respublika Uşaq Kitabxanası, 229 nömrəli tam orta məktəb və 59 nömrəli körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər baba biz sənin nəvələrinik" adlı tədbir keçirilib.
Tədbirdə Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Mehriban Vəliyeva, qurumun təmsilçiləri, təhsil işçiləri, kitabxana əməkdaşları, Missiya Media Qrupunun nümayəndələri, eləcə də məktəbin müəllim heyəti və şagirdlər iştirak ediblər.
Öncə məktəbin həyətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Daha sonra yuxarı sinif şagirdlərinin təqdimatında hərbi parad təşkil olunub və Ulu Öndərin, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəbin şəhidlər abidəsinə gül dəstələri düzülüb.
Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövqelərinin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımlardan, uşaqlara göstərdiyi diqqət və qayğıdan , gənclərin hərtərəfli inkişafı yönün həyata keçirdiyi proqramlardan bəhs edib. Mehriban Vəliyeva məktəbin uşaq bağçası və Respublika Uşaq Kitabxanası ilə birgə fəaliyyətinə diqqət yönəldərək bu təcrübənin davamlı olmasının zəruriliyini vurğulayıb.
Sonra uşaqların ifasında təqdim edilən rəqs və xor kollektivlərinin çıxışı, səsləndirilən şeir və mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Sonda Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən ənənəvi kitab sərgisinə və şagirdlərin çəkdikləri rəsmlərə baxış keçirilib.
Tədbirin keçirilməsində məqsəd Ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti əsasında geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.