Respublika Uşaq Kitabxanasının uşaq və yeniyetmələr üçün təsis etdiyi “Göy Qurşağı” jurnalının 79-cu buraxılışı işıq üzü görüb. Jurnalda 10 rubrika, 7 hekayə və digər maraqlı mövzuları əhatə edən məlumatlar yer alıb. 32 səhifədən ibarət jurnalın ilk səhifəsində Respublika Uşaq Kitabxanasının 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzinin parkında Uşaq Festivalında iştirakı yer alıb. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Kitab oxumağı, mütaliə etməyi, nağıllara qulaq asmağı sevən uşaqlara kitabxanamız üçün ayrılmış zonada, uşaq yazarları ilə görüşlər təşkil edilib.
Jurnalda nağıllara səyahət rubrikasında “Damda yaşayan Karlson”, “Cuppulu Nils Karlson”(Astrid Lindqren), “Yatağan Koala və Evkalipt Ağacı”(Şebnem Güler Karacan), həmçinin Şəlalə Əmrahovanın “Ayı daşı”, “The Little Lie” (Jade Maitre), “Лис в библиотеке” (Лоренц Паули, Катрин Шерер) başlıqları altında maraqlı hekayələr yer alıb.
"Yeni kitablar bizim rəflərimizdə” rubrikasında isə uşaqların bilməsi mühüm olan anlayışlar, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli kitabların annotasiyaları verilib. Uşaqlar üçün maraqlı olan digər məlumat isə məhşur oyuncaq markası Lego-nun tarixi, Dünyanın ən böyük Legolandı haqqında maraqlı məlumatlar yer alıb.
Jurnalın son səhifələrində, uşaqların intellektual və yaradıcı inkişafına təkan verən, dünyagörüşlərinin artırılması məqsədilə maraqlı suallardan ibarət ailə krassvordu, yeniyetmə-gənclərin kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması üçün suallar, balaca rəssamların rəngarəng və gözəl rəsmlərləri yer alıb.