Aprel ayında maarifçi, pedaqoq, ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə Bakı şəhər 7, 8, 215, 254 saylı məktəbin şagirdlərinin və “Baby Star” uşaq bağçasının balacalarının Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı uşaqlar kitabxana ilə yaxından tanış olublar, həmçinin onlara kitabın əhəmiyyətindən və insalanarın dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində mütaliənin müstəsna rolu haqqında məlumat verilib. Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü və uşaq folklor antalogiyasının ilk nümunəsi olan "Balalara hədiyyə” kitabı F.Köçərli tərəfindən atılan ən böyük addımdır. F.Köçərli “Balalara hədiyyə” məcmuəsinin məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa - böyük, ya kiçik - onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Azərbaycan uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb.F.Köçərlinin gələcək haqqında sağlam bir romantikası vardı. O, bəzən üzünü sinfə tutaraq, uşaqlara yanıqlı bir səslə deyərdi ki, sizə baxarkən mən Azərbaycan xalqının günəşli gələcəyini təmin edəcək xoşbəxtlər nəslini görürəm. Oxuyun, balalarım, xalqımızın nicat yollarında ona dayaq olun. Sonda şagirdlərə F.Köçərlinin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim edilib. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətini və kitaba olan marağı artırmaqdır.