Maarifçi, pedaqoq, ədəbiyyatşünas alim, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə Bakı şəhər Binəqədi rayon 283 saylı məktəb və Kaspi liseyinin şagirdlərinin Respublika Uşaq Kitabxanasına ekskursiyası təşkil olunub.
Kitabxana əməkdaşı məktəbliləri kitabxana ilə yaxından tanış edib, həmçinin yeni kitabxana texnologiyalarının tətbiqi , oxucuların dünyagörüşünün, mədəni səviyyəsinin yüksəlməsində kitabların müstəsna rolundan bəhs edib. Ədibin "Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Firidun bəy Köçərli “Balalara hədiyyə” məcmuəsinin məramını belə ifadə etmişdi: “Bu məcmuəni hər kəs oxusa - böyük, ya kiçik - onun qəlbi açılıb xəndan olacaqdır. Balalar şad olacaq bu səbəbə ki, onda dərc olunan əsərlərin cümləsi onların dünyasındandır.” “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Azərbaycan uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynayıb. Sonda şagirdlərə Firidun bəy Köçərlinin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim edilib. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd uşaqları Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək, onlarda mütaliə mədəniyyətinin və kitaba olan marağı artırmaqdır.