31 mart tarixində Respublika Uşaq Kitabxanası və 46 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş açıq dərs keçirilib. Dərs Azərbaycanın suverənliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. Rəsmi mənbələrə əsasən, 1918 il mart soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
İlk olaraq kitabxananın elmi işlər üzrə direktor müavini azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən danışaraq şagirdləri məlumatlandırıb. Daha sonra məktəbin tarix müəllimi bu gün soyqırımla bağlı Respublika Uşaq Kitabxanasında təşkil edilən açıq dərsdə qeyd etdi ki, ermənilər soyqırım siyasətini tək insan resurslarını məhv etmək üzərində həyata keçirmir, törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu.
Şagirdlər “Soyqırım- Tariximizin qanlı səhifəsi” adlı Azərbaycan və xarici dillərdə olan kitablar, şəkillər, qəzet və jurnal materiallarından ibarət geniş sərgi ilə tanış olub.
Tədbirin keçirilməsində məqsəd gənc nəsilə vətənpərvərlik hisslərini aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək, nəsildən-nəslə ötürülərək yaddaşlarda yaşatmaqdan ibarətdir.
Sonda soyqırım qurbanlarına həsr olunmuş videoçarx təqdim edilib.