Respublika Uşaq Kitabxanasında 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və dövlətin gənclər siyasəti” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Respublikasında uğurlu gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu, gənclərə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyi diqqətə çatdırılıb.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin göstəricisidir.
Tədbirdə qonaq qismində iştirak edən siyasi elmlər doktoru, professor Elçin Əhmədov çıxışından sonra gənclərin suallarını ətraflı cavablandırıb, Respublika Uşaq kitabxanasına “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, “Ermənistanın Azərbaycana Təcavüzü” və “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adlı kitablarını hədiyyə edib.
Qeyd edək ki, gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci ildən etibarən avqustun 12-si gənclər günü elan edilib.