14 fevral - Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba sevgi yaradan bütün insanları birləşdirir.
14 fevral tarixində Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən SOS Uşaq Kəndində yaşayan uşaqlara müxtəlif yaş qruplarına dair kitablar hədiyyə edilib. Respublika Uşaq kitabxanası 2014- cü ildən hər il “Beynəlxalq Kitab Bağışlama Günü” münasibəti ilə müxtəlif məkanlarda 100-lərlə kitab hədiyyə etməklə uşaqları sevindirməyə davam edir. Keçirilən bu tədbirin əsas məqsədi gənc nəsildə kitaba sevgi hissi yaratmaq, mütaliə mədəniyyətinin formalaşmasında kitabın mühüm əhəmiyyətini diqqətə çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, 2012- ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloggerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayır..
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.