25 noyabr tarixində Respublika Uşaq Kitabxanasında Suraxanı rayonundakı E.N.Qaranzadə adına 270 saylı tam orta məktəbin VII sinif şagirdləri ilə “Zəfərli Şuşam mənim” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova açaraq, ölkəmizin hər yerində, təhsil və mədəniyyət müəssisələrində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı keçirilən tədbirlərdən danışdı. Tədbirin aparıcısı Şuşa şəhərinin tarixindən maraqla danışdı və hazırladıqları videoçarxı təqdim etdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi nitqinin – “Əziz Şuşa, sən azadsan!”- nidalı çıxışının lent yazısı diqqətə çatdırıldı.
Tədbirdə, həmçinin Xan Şuşinskinin ifasında "Şuşanın dağları" mahnısının lent yazısı səsləndirildi. Məktəblilərin ifasında sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı məşhur şair və rəssam Xurşidbanu Natəvanın həyatından bəhs edən pyesdən bir parça təqdim olundu, şeirlər söylənildi, rəqslər nümayiş olundu. Tədbirin sonunda “Şuşa-270” rəsmi kitabxanaya hədiyyə edildi. Zahirə xanım məktəbin kitabxanasına müəllifi olduğu Qarabağ haqqında nağıl və əfsanələrdən bəhs edən “Əvvəl Zaman İçində” kitabını və kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalının son nömrələrini hədiyyə etdi.