29 iyun tarixində Bakı şəhəri, Nəsimi rayonu, 164 №-li tam orta məktəbin şagirdləri “Yay məktəbi”nin fəaliyyəti ilə bağlı Respublika Uşaq Kitabxanasında oldular. “Yay məktəbi”nin əsas məqsədi mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirmək, hərtərəfli dünyagörüşlərinin artırılmasını təmin etməklə, uşaqlara mədəni xidmət göstərməkdir. Uşaqlar Nağıl otağında, kiçik və böyük oxu zallarında oldular. Onlara maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Məktəblilər bir-birindən maraqlı şəkilli kitablar, uşaq şeirləri və nağılları, kitabxananın təsis etdiyi “Göy Qurşağı” jurnalı ilə yaxından tanış olub, öyrəndikləri məlumatları yoldaşları ilə paylaşdılar. Həmçinin kitabxananın fəaliyyəti, istifadə qaydaları, kitab sərgiləri və elektron məlumat bazası haqqında da məlumat əldə etdilər. Kitabxana ekskursiyaya gələn məktəblilərin marağına səbəb oldu. Balaca məktəblilər sonda şəkil çəkdirərək kitabxanadan xoş təəssüratlarla ayrıldılar.