20 noyabr tarixində F.Köçərli adına Respublika uşaq kitabxanasında “Uşaq Hüquqları günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Masazır kənd 5 №- li tam orta məktəbin 1-ci və Xəzər rayonu 156 №- li tam orta məktəbin 2-ci sinif şagirdləri iştirak edirdi. Tədbirdən əvvəl kitabxananın əməkdaşı uşaqlara kitabxana haqqında ətraflı məlumat verdi və videoçarx izlənildi. Həmçinin tədbir iştirakçılarına uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verildi. Aparıcı uşaq hüquqları ilə bağlı sual-cavab keçirdi. Qeyd edək ki, tədbir şagirdlərin hüquqi biliklərinin artırılmasına yönəlmişdi. Sonda xatirə şəkilləri çəkildi və uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.