19 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı Y.Yusifov adına 265 saylı orta məktəblə birlikdə 20 Yanvar faciəsinə həsr olunmuş "Şəhidlər" adlı anım günü keçirdi. Tədbir 20 Yanvar şəhidləri və Vətən müharibəsi şəhidlərinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Fəridə Nuri açaraq bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktıdır. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Hadisə haqqında ümumi məlumat veriləndən sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar oxundu, şeirlər söylənildi. Biri-birini əvəz edən kompozisiyalar vətənpərvərlik hissləri aşılayırdı. Kompozisiyada şagirdlər qeyd etdilər ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin təzahürüdür. Biz hər zaman müstəqillik yolunda həlak olan şəhidlərimizin adını uca tutmalıyıq.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.