23 fevral tarixində Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə uşaq yazarı Sevinc Nuruqızının soydaşlarımızın işgəncə dolu həyatına həsr etdiyi “Qisas” əsəri müzakirə olunub. İlk olaraq Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova kitab haqqında ətraflı məlumat verərək bildirib ki, S.Nuruqızının Xocalı faciəsinə həsr etdiyi “Qisas” kitabında əsərin əsas qəhrəmanı Samirin anası və qardaşı ilə birgə düşmənə əsir düşməsindən, başlarına gətirilən müsibətdən bəhs edilir, acı həqiqətlərin dünyaya çatdırılması və unudulmaması müqəddəs borc kimi vurğulanır.
Şagirdlərin iştirakı ilə baş tutan tədbirdə əsərlə bağlı müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsindən ibarətdir.