Uşaqların tərbiyəsində ailənin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bu yolda ən güclü təsir qüvvələrindən biri ədəbiyyatdır. Xalqın sabahı, xoşbəxt gələcəyi naminə balalarımızın mükəmməl tərbiyə alıb böyüməsində həlledici amil kimi uşaq ədəbiyyatının rolu əvəzolunmazdır. Məşhur alman yazıçısı Jella Lepman demişdir: “Uşaqlara kitab verin, bununla onlara qanad vermiş olacaqsınız ”.
1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü kimi bütün dünyada qeyd edilir. Hazırda Beynəlxalq Uşaq Kitabı Günü Azərbaycanda da özünəməxsus şəkildə qeyd olunur. Azərbaycanda uşaq kitabxanaları üzrə elmi metodik mərkəz sayılan F.Köçərli adına Respublika Uşaq Kitabxanası hər il Beynəlxalq Uşaq Kitabı Sərgisi təşkil etməklə, Azərbaycanda və digər ölkələrdə çap olunan uşaq ədəbiyyatı nümunələri ilə oxucuları tanış edir, kitabın və kitabxananın təbliğinə zəmin yaradır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 01- 04 aprel 2022-ci il tarixlərində Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş uşaq kitab sərgisi təşkil olundu. Sərginin açılış mərasimində oxucular, müəllimlər, valideynlər və uşaq yazarları iştirak etdilər. İlk olaraq çıxış edən kitabxananın direktoru Şəhla Qəmbərova bildirdi ki: ”Sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış edilməsi, kitaba və mütaliəyə həvəslərinin artırılması, habelə milli dəyərlərimizi yaşatmaqdır: "Beynəlxalq Uşaq Kitab Günü” bütün dünyada qeyd olunur. Bizim kitabxanada isə artıq illərdir ki, milli uşaq ədəbiyyatından və eləcə də dünya ədəbiyyatlarından ibarət silsilə sərgilər təşkil edilir. Azərbaycan milli uşaq ədəbiyyatı ilə bağlı nə varsa, bu sərgidə onları əhatə etməyə çalışmışıq".
Tədbir H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəb şagirdlərinin ifasında konsert proqramı ilə davam etdirildi. Sərgidə iştirak edən uşaqlara kitabxananın təsis etdiyi “Göyqurşağı” jurnalı hədiyyə edildi. Sonda xatirə şəkilləri çəkildi.