10 – 15 aprel tarixlərində Ağdam rayon 149 və 35 №-li , Nizami r-nu Namiq Həmzəyev adına 238 №-li , Xətai r-nu Zaur Məmmədov adına 171 №-li , Binəqədi r-nu Namiq Babayev adına 144 №-li, Mehdiabad qəsəbə 4 №-li tam orta məkəbin, “Kaspi” liseyinin şagirdləri və “Baby Star” uşaq bağçasının balacaları F. Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular.
Məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə İrəvan gimnaziyasında ana dili və hüsnxətt fənlərini tədris etmiş maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərli haqqında elektron-məlumat baza, virtual sərgi, sənədli film təqdim edildi. Kitabxançılar çıxışlarında qeyd etdilər ki, Firidun bəy Köçərli ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə dövrünün ən fəal publisistlərindən biri olmuşdur. Bu böyük şəxsiyyət M. F. Axundzadə və M. Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafına naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. İrəvan Gimnaziyasında işləyərkən Firidun bəy İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur və onların şeirlərini dinləyir. Vurğulandı ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi- elmi fikrinin inkişaf tarixində F. Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni- siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən, həssas yazıçı- publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas- alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir.
Məktəblilərin kitabxana ilə tanışlığı həftəsində uşaq yazarı, publisist Gülzar İbrahimova ilə uşaqların görüşü də keçirilib. Görüşdə Gülzar nənə uşaqlara öz şeirlərini səsləndirib, məktəbli uşaqların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib. Uşaqları maraqlandıran bütün suallar cavablandırıb. Sonda uşaqlara öz şeirlərindən hədiyyə edib.
Kitabxananın əməkdaşı balacaları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Balacalar nağıl otağında müasir nağıllarımızı müzakirə etdilər, məktəblilər kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular.
Əməkdaşlar, kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. Uşaqlar kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.