22 aprel tarixində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi daşıyır.
Bakı Kitab Mərkəzi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tərəfdaşlığı ilə reallaşan tədbirdə ümumtəhsil məktəb və liseylərin şagirdləri müxtəlif təqdimatlarla çıxış ediblər.
Respublika Uşaq Kitabxanasının rəngarəng pavilyonunda Azərbaycan və xarici yazıçıların uşaq ədəbiyyatına dair, Brayil əlifbası ilə nəşr olunan kitablar, həmçinin jest dilinə tərcümə edilən uşaq ədəbiyyatı təqdim olundu. Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı" uşaq jurnalının yeni nömrəsi oxuculara hədiyyə edildi.
Uşaq yazıçıları Sevinc Nuruqızı və Reyhan Yusufqızının təqdimatında eşitmə və nitq məhdudiyyətli uşaqlara nağıllar oxundu və jest dilinə tərcümə olundu.
Tədbirin rəsmi hissəsində çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev kitabın müqəddəs olduğunu qeyd edib, yazıçı diqqətə çatdırıb ki, əgər bir xalqın ziyalıları çoxdursa, o xalq inkişaf edir.
“Oxu günü”ndə, həmçinin iştirakçılara bədii-elmi kitabların sərgisində yeni nəşrlərlə tanış olmaq, şair və yazarlarla görüş, ustad dərslərində iştirak, interaktiv yarışlarda biliklərini sınamaq imkanları yaradılıb.
Tədbirdə şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim olunub, əlyazma kitabların hazırlanması, xəttatlıq sənəti və digər mövzularda ustad dərsləri təşkil edilib, kitabların müzakirəsi keçirilib, kitablarla fləşmob, xoreoqrafik etüdlər nümayiş olunub.
Məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorina keçirilib. Suallara düzgün cavab verən şəxslərə kitablar və müxtəlif hədiyyələr təqdim olunub.