8 - 25 dekabr tarixlərində 264 nömrəli lisey və 106, 264, 211, 65, 9, 308 saylı məktəblərin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, F.Köçərli İrəvan gimnaziyasının ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. F.Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir. Daha sonra kitabxana əməkdaşı məktəblilərə kitabxananın fəaliyyəti və istifadə qaydaları, kitab sərgiləri, kitabxananın clb.az saytı, elektron kitabxana haqqında ətraflı məlumat verdi. Əməkdaşlar kitabxana ilə bağlı uşaqlara maraqlı olan bütün sualları cavablandırdılar. Tədbir iştirakçıları F.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər. Sonda xatirə şəkilləri çəkildi.