17- 22 aprel tarixlərində Bakı şəhər tam orta məktəbləri - 175, 55, 30, 65, 170, 68, 329, 16, Qobustan şəhər 2 saylı, 160 №-li klassik gimnaziyanın şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Kitabxana əməkdaşı şagirdləri kitabxanadan istifadə qaydaları ilə tanış etdi, mütaliənin insan həyatındakı əvəzsiz rolunu onlara izah etdi. Məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi F.Köçərlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir. O, pedaqoji fəaliyyəti dövründə Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmişdir.
Tədbirin davamında uşaqlar kitabxananın oxu zalında görkəmli maarifçi, ədəbiyyatşünas-tənqidçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığını əhatə edən sənədli filmə tamaşa etdilər. Kitabxana əməkdaşları məktəbliləri maraqlandıran bütün sualları cavablandırdı.