04 aprel-08 aprel tarixlərində Sabunçu r-nu 81 №-li, Binəqədi r-nu N.Fərəczadə adına 100 №-li, Xətai r-nu 25 №-li, Nizami r-nu 251 №-li, E.Quliyev adına 145 №-li, Səbail r-nu E.Əliyev adına 162 №-li, Füzuli r-nu 47 №-li tam orta məktəblərin və “İdrak” liseyinin şagirdləri kitabxanamıza ekskursiya etdilər. Kitabxananın əməkdaşı məktəbliləri kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verdi. Uşaqlar kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilər kiçik oxu zalında “Danışan kitablar”la, qeyri-adi formalı – panoramalı, hissiyatlı, səhifələndikcə özü oxuyan, səsli düymələrlə idarə olunan, parçadan hazırlanmış və s. kitablarla tanış oldular. Eyni zamanda, məktəblilərə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar olaraq 1885-1895-ci illərdə seminariyada müəllimlik etmiş maarifçi, pedaqoq, uşaq folklor antalogiyasının banisi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Vurğulandı ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən, ədəbi-elmi fikrinin inkişaf tarixində F. Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi və mədəni- siyasi tərəqqisi üçün bütün şüurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı- publisist, tərcüməçi, nəhayət, istedadlı ədəbiyyatşünas-alimdir. Özü də bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsizdir, özünəməxsus böyük ziyalı, təkrarsız ədəbi şəxsiyyətdir.
Sonda məktəblilərin iştirakı ilə F. Köçərli yaradıcılığı ətrafında maraqlı müzakirələr aparıldı.