17-26 iyun tarixlərində Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı, UNESCO-nun Türkiyə üzrə Milli Komitəsi, TÜRKSOY-un dəstəyi ilə Türkiyənin Bursa şəhərində təşkil olunan “Əvvəl Zamanı” Nağıl Festivalında F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova və kitabxananın elmi işlər üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi Zahira Dadaşova iştirak ediblər. Keçirilən nağıl festivalında, həmçinin Qazaxıstan, İran və Türkiyənin digər bölgələrindən qonaqlar və nağılçılar iştirak ediblər. Festival çərçivəsində qədim Bursa şəhərinin 10 fərqli məkanında (parklarda, muzeylərdə, açıq havada) 32 nağılçı tərəfindən 100 nağıl 7-dən 70-ə təqdim edildi.
Keçirilən festivalın əsas məqsədi uşaqlara əyləncəli və özünəməxsus üsulda müxtəlif məkanlarda nağılçılar tərəfindən nağılların təqdim edilməsidir.
Festival günlərində Respublika Uşaq Kitabxanasının nümayəndə heyəti Bursa şəhəri Gazzeli Ahmed Əfəndi Mədəniyyət Mərkəzində, Alipaşa Oyuncaq Kitabxanasında, Lala Şahin Paşa Cocuk kitabxanasında, İnəbəy Əlyazmaları Kitabxanasında oldular və kitabxana ilə yaxından tanış olduqdan sonra hər bir kitabxanaya Azərbaycan xalq nağılları kitabını və “Göyqurşağı” uşaq jurnalını hədiyyə etdilər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təqdim olunan nağıl, dastan və əfsanələr izləyicilər tərəfindən maraqla qarşılandı. Nağıl, dastan və əfsanələrin fərqli məzmununa görə Respublika Uşaq Kitabxanasının Direktoru Şəhla Qəmbərovaya və direktor müavini Zahirə Dadaşovaya TÜRKSOY-un xüsusi təşəkkür lövhəsi təqdim edildi.