Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Uşaq və gənclərə kitabxana-informasiya xidməti” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova mövzu ilə bağlı məruzə edib.
Ş.Qəmbərova Respublika Uşaq Kitabxanasının yaranma tarixi, formalaşma dövrü, maddi-texniki bazası barədə məlumat verib. Bildirilib ki, ölkə miqyasında uşaq kitabxanaları üzrə metodiki mərkəz funksiyasını icra edən Respublika Uşaq Kitabxanasının əsas oxucuları azyaşlılar, yeniyetmələr, kollec tələbələri, gənclər və valideynlərdir.
Uşaq və gənclərdə mütaliə mədəniyyətinin formalaşması, onların elektron informasiya resurslarından səmərəli istifadəsi üçün innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdıran Ş.Qəmbərova bu kateqoriyadan olan oxuculara peşəkar kitabxana-informasiya xidmətinin göstərilməsinin kitabxanaçıdan xüsusi yanaşma, həssaslıq tələb etdiyini, burada psixoloji, pedaqoji incəliklərin nəzərə alınmalı olduğunu vurğulayıb, ümumilikdə prosesin spesifik cəhətlərini şərh edib.
Məruzədə Respublika Uşaq Kitabxanasında aparılan rəqəmsallaşdırma prosesləri, tətbiq olunan proqramlar, kitabxananın informasiya resurslarının strukturu, fondu, oxucu sayı barədə məlumatlar diqqətə çatdırılıb.
Sonra dinləyicilərin sualları cavablandırılıb.