13 may tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı Kitab Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində növbəti “Oxu saatı” təşkil olundu. “Oxu saatı”nın qonağı teleaparıcı - Azər Süleymanlı oldu. Azər Süleymanlı mərkəzə gələn uşaqlar üçün “Balaca qızın sevinci”, “Bremen Çalğıçıları”, “Şir və Siçan”, “Komputerin Kələyi” və “Miyo eləyən kim idi?” nağıllarını oxudu. Teleaparıcı uşaqlara oxuduğu maraqlı nağıllardan suallar da verdi.
Görüşdə, həmçinin 3 №-li Xüsusi İnternat məktəbinin sağlamlıq imkanları məhdud uşaqları da iştirak edirdi. Sağlamlıq imkanları məhdud uşaqlara Jest dilinə nağılları “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin jest dili üzrə təlimçi Şamil Sabirzadə tərcümə etdi. “Oxu saatı”nın məqsədi eşitmə və nitq məhdudiyyətli, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdə tam inteqrasiyasını təmin etmək, onlar haqqında mövcud olan stereotiplərin, xüsusən, stiqmanın aradan qaldırılmasına yönəlmişdir.Həmçinin, xüsusi diqqət tələb edən sağlamlıq imkanları məhdud uşaqların mənafelərinin qorunması, onların asudə vaxtlarının səmərəli keçirməsi, mütaliə etmək imkanları üçün uyğun şəraitin yaradılması, Azərbaycan və Dünya uşaq ədəbiyyatından nümunələrin seçilərək onlara mədəni xidmətin göstərilməsidir. Azər Süleymanlının qiraətində səsləndirilən nağıllar uşaqların böyük marağına səbəb oldu. Tədbir, uşaqlarla birlikdə xatirə şəkillərinin çəkdirilməsi ilə sona yetdi.